Niyə “Sepah” ABŞ-ın Ermənistandakı təlimini pisləmədi? | Şərh

   Niyə “Sepah” ABŞ-ın Ermənistandakı təlimini pisləmədi?    | Şərh
  21 Sentyabr 2023    Oxunub:5086
İranın Silahlı Qüvvələrinin baş qərargah rəisi, Ali dini rəhbər Seyid Əli Xameneyinin yaxını Məhəmməd Baqiri və İran prezidentinin komandası ABŞ-ın Ermənistandakı təlimlərini ən azı İranın nüvə obyektləri üçün təhlükə kimi görürlər. Ona görə də ABŞ-ın Ermənistanda hərbi təlimlər keçirdikdən sonra İranın şimal sərhədlərinə qoşun yığılması ilə bağlı yayılan xəbərləri qəti şəkildə təkzib etdilər.
Bu adamlar Azərbaycanın Ermənistanı hərbi yolla əzməsində sanki maraqlı tərəf kimi göründülər. Ermənistan ərazisindən ABŞ çox asanlıqla PUA və raketlərlə İranın nüvə obyektlərini məhv edə bilər. ABŞ-ın Ermənistan daxilində hərbi hazırlığı çox güclüdür. ABŞ-ın Ermənistandakı səfirliyi dünyada ikinci ən böyük səfirlik binasıdır. O binada 300-400 ABŞ hərbi dəniz piyadası tam təchizatla yerləşə bilir.

İran parlamentinin təhlükəsizlik komissiyasının sədrinin müavini, “Sepah”a yaxınlığı ilə tanınan Şəhriyar Heydər yenidən Ermənistanın sərhəd bütövlüyünü İran üçün “qırmızı xətt” elan edib. Ermənistanda “Sepah”a bağlı bəzi qüvvələr hələ də sakitləşməyiblər. Sanki yeni təlimat gözləyirlər.

“Səhər” telekanalının siyasi verilişlərinin psixoloji tarazlığı pozulub. İran mətbuatı son 4-5 gündə Azərbaycanla Ermənistanı bərabərləşdirir. Sanki işğalçı ilə işğal edən İran üçün eyni hüquqludur. 30 il işğala məruz qalanın müsəlman dövləti olması da İranda həmin qüvvələr üçün maraqlı deyil. 1994-cü ilin martında əksəri diplomat olan 33 İran vətəndaşını Novruz bayramında Moskvadan Tehrana aparan təyyarənin Qarabağ erməniləri tərəfindən vurulması da onları üçün əhəmiyyət daşımır. ABŞ-ın Ermənistanda hərbi təlim keçirməsinin fərqi yoxdur. “Sepah” sanki M.Baqirinin və prezidentin komandasının əvvəlki fikirlərini “geri oxutdurmaq istəyir”.

“Sepah”ı Ermənistan ərazisində ABŞ-ın İrana yaratdığı təhlükəni görməməyə vadar edən bir neçə səbəb ola bilər:

• “Sepah”ın İranda hakimiyyəti dindarlardan almaq ərəfəsində olduğu barədə məlumatlar və şərhlər yayılıb. İslam inqilabından sonra İran prezidentlərinin hamısı təbii ki, ruhani olublar. İbrahim Rəisinin prezident olması ilə bu era bitdi. Əhali arasında dindarların nüfuzu azalır. Ona görə hakimiyyəti “Sepah”a verməlidirlər. Hakimiyyətin “Sepah”a keçməsində ABŞ-ın maneçilik törətməməsi çox vacibdir. Buna görə “Sepah” ABŞ-ın Ermənistandakı hərbi təlimlərinə loyallıq göstərir. Sanki aralarında müəyyən danışıqlar gedir və bəlkə bu danışıqları da ermənilər aparıblar.

• İran PUA-larının detallarının 70%-i xaricdən gəlir. İlk növbədə də Kanada, Yaponiya, ABŞ kimi dövlətlərdən. Bununla bağlı ABŞ-da olan erməni lobbisi müəyyən işlər görür. “Sepah” həmin işlərdə maraqlıdır.

• “Sepah” hələ də inanır ki, ermənilər Azərbaycanın qatili olacaq. “Sepah” Azərbaycan üçün başqa qatil hazırlamayıb və hazırlamaq da çətin olacaq. İranın Azərbaycana hücum etməsi ciddi ideya kimi qəbul olunmur. Çünki 44 günlük müharibə dövründə İran öz ətrafında olan həlqəni gördü. Azərbaycan hətta Pakistanla raket-nüvə əməkdaşlığına gedə bilər. İran müəyyən məsələləri nəzərə almalıdır.

• İranın Cənubi Qafqaz regionu üzrə vahid siyasəti olmalıdır. Bu əgər “Sepah”ın siyasəti olacaqsa, o zaman ABŞ daha da qızışa bilər. İranla bağlı hərbi variant Baydenin masasına yaxınlaşır. Adətən təhlükəli vaxtlarda xarici işlər nazirlikləri vətəndaşlara harasa getməməklə bağlı müraciət edirlər. ABŞ-da belə bəyanatları Dövlət Departamenti yayır. İrana gəincə isə prezident Bayden şəxsən vətəndaşlarını ora getməməyə çağırıb. Bu, yeganə belə haldır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzi
AzVision.az üçün


Teqlər: İran   Sepah   ABŞ   Ermənistan  





Xəbər lenti